Zəlzələ kimi təbii fəlakətlərin daşınmaz əmlak bazarına təsiri qısamüddətli olur. İnsanlarda zəlzələnin yaratdığı psixoloji təsir ötəndən sonra qiymətlər yenidən bazar şərtləri əsasında formalaşır.
Qurban Yetirmişli: "Azərbaycan seysmoloji zonada yerləşir, binalar tikilərkən bu, nəzərə alınır"
FED.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, iyulun 4-nə keçən gecə Azərbaycanda baş vermiş zəlzələ insanlarda təşvişə səbəb oldu. Zəlzələnin indiki məqamda əmlak bazarına təsiri həyət evlərinə marağı bir qədər artıracaq. Çünki gecə zəlzələ zamanı həyət evləri olanlar orada qalmağa üstünlük verdilər. Türkiyədə baş verən dağıdıcı zəlzələ Azərbaycanda da daşınmaz əmlak bazarına öz təsiri göstərmişdi. Azərbaycanda baş verən zəlzələ də həm həyət evlərinin, həm də torpaq sahələrinin qiymətlərinin artmasına təsir edəcək. Tələbin yüksəlməsi qiyməti artıran amildir. Zəlzələ, həmçinin hündürmərtəbəli binaların alınmasında alıcıların tərəddüdünə gətirib çıxaracaq və bina evlərinə tələb müəyyən qədər aşağı düşəcək. (Azərtac)