Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı müsabiqə və hərrac qaydaları necədir?
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqlamasında bu proses izah edilib.
Eləcə də bax: Bu ərazidəki torpaqlar dövlət tərəfindən alınacaq - QƏRAR
Komitənin məlumatında bildirilir ki, dövlət və bələdiyyə torpaqlarının satışı və ya icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na əsasən həyata keçirilir. Bu istiqamətdə hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilir. Komitə torpaq müsabiqəsi və ya hərraclarının keçiriləcəyi vaxtı müəyyən edir, alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri hazırlayır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi üzrə xidmətlər göstərilir. Müsabiqə və ya hərracın keçirilməsi haqqında elan komitə tərəfindən hazırlanır və mətbu orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi saytda (emdk.gov.az) və digər kütləvi informasiya vasitələrində yayımlanır. Müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl dərc edilən elanda torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat, müsabiqə və ya hərracın keçirilməsi şərtləri, yeri, vaxtı və tarixi qeyd edilir. Eyni zamanda elanda ilkin qiymət, müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlər və torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapır. Xidmətin həyata keçirilməsi ilə bağlı hüquqi və ya fiziki şəxslərdən ərizə, möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda), hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və digər sənədlər tələb olunur.
Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə qalibə komissiya tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqları üçün müvafiq bələdiyyə, dövlət torpaqları üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq qanunvericiliyə uyğun olaraq müvafiq müqavilə bağlanır.