Azərbaycan ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 25 may tarixində qəbul etdiyi «Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» 150 №-li Qərarında nəzərdə tutulub.
Qərarın tam mətni buradadır.
Nazirlər Kabinetindən bildirilib ki, qəbul edilmiş Qərar sayəsində ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən etibarən resurs metodunu tətbiq ediləcək. «Bu metod daha dəqiq hesab olunur» deyə NK-dan bildirilir.
Yeni metodun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə aşağıdakı sənədlər təsdiqlənib:
- Tikintidə üstəlik xərclərin normativləri;
- Tikintidə smeta gəlirinin normativlərı;
- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;
- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;
- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;
- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.
Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.