Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün aınacaq.
FED.az xəbər verir ki, alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon sakinlərinə müraciətində bildirir ki, torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda (“Xalq Bank”ın mərkəzi ofisinin arxasında) ictimai iclas keçiriləcəkdir. Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10.00 - dan 18.00 -dək həmin ünvana müraciət edə bilərlər.