Azərbaycanın iri şəhərlərində vətəndaşların 58%-i istismar müddəti 30 ildən çox olan binalarda məskunlaşıb.
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
FED.az xəbər verir ki, bunu tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiqi və bu sahədə mübahisələrin mediasiya yolu ilə həlli ilə bağlı konfransda çıxışı zamanı deputat Zahid Oruc deyib.
O bildirib ki, 2000-ci ildən neft gəlirlərinin artmasına mütənasib olaraq ölkəmizin bütün şəhərlərində tikinti sektoru canlanıb. Bununla belə, tikinti sektorunda digər problemlərə diqqətimizi yönəltməliyik: "Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir rəy sorğusunun nəticələrinə görə, ölkəmizin üç ən böyük şəhərində-Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilən binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir".
O bildirib ki, Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26%-i, Gəncə şəhəri üzrə 18%-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7% təşkil edib.
"İştirakçıların 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13%-i 60 ildən yuxarı olan binalarda məskunlaşıb. Həmçinin 7%-i son 10 il ərzində, 16%-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır. Rəy sorğusunda iştirak edənlərin 9%-i iki-dörd mərtəbəli binalarda, 39%-i beş mərtəbəli binalarda, 1%-i altı-yeddi mərtəbəli binalarda, 31%-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9%-i 10-14, 11%-i 15-24 mərtəbəli binalarda yaşayır"- Z.Oruc əlavə edib. (Apa)