Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in mətbuat mərkəzindən FED.az-a verilən məlumata görə, bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC-nin qanunsuz tikinti işlərini aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.