Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 27-də Bakının Nizami rayonunun Məmmədəli Şərifli küçəsi, 1 ünvanında daha bir istismarına icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib.
Komitədən FED.az-a bildirilib ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 12 mərtəbəli, 6 binalı, 460 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplanıb.
Eləcə də bax: Daşınmaz əmlakın səyyar xidmətlərinin bu dəfə hansı rayonda olacağı - MƏLUM OLUB
Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim ediblər. Eyni zamanda, belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron Hökumət portalındakı hesabına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə istismarına icazə verilən binalarda yerləşən mənzillərin qeydiyyatı ilə bağlı işlər daha geniş formatda aparılmaqdadır. Bu məqsədlə insan amilini ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi müxtəlif sosial kampaniyalar keçirir, vətəndaşlara ünvanlardaca intensiv qeydiyyat xidməti göstərir. Komitə MTK-ları və vətəndaşları bu prosesdə fəal olmağa çağırır.
İstismarına icazə verilməsi ilə bağlı binanın sənədləri daxil olan zaman dərhal, operativ olaraq mənzillərə çıxarışın verilməsi işlərinə başlanılır. Bu məqsədlə MTK-lar, vətəndaşlar üçün maarifləndirici tədbirlər keçirilir, çıxarışların hazırlanması ilə bağlı lazım olan ilkin sənədlər barədə informasiya verilir. Həmçinin belə binalara müvafiq məlumat xarakterli elanlar, bildirişlər yerləşdirilir. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Bundan başqa, prosesin daha intensiv aparılması məqsədilə ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar keçirilir. Kampaniyanın qrafiki, keçiriləcəyi binaların ünvanı barədə ictimai məlumatlandırma aparılır.
Sakinlər kampaniya çərçivəsində məkanındaca ilkin sənədlərini mobil ofislərə təqdim edirlər. Hər həftə Bakının müxtəlif rayonlarında olan 10-dək belə binaların həyətlərində, vətəndaşların ünvanlarında səyyar qeydiyyat xidməti göstərilir, elektron çıxarışın verilməsi ilə bağlı 1000-dək mənzilin ilkin sənədləri toplanır.
Müvafiq fərmana əsasən, 148 istismara qəbul aktı daxil olub. Bu binalardakı mənzillərin çıxarışla təmin olunması üçün qeydiyyat kampaniyaları davam etdirilir. Komitə bir daha MTK və sakinləri mənzillərə dair çıxarışın hazırlanması üçün aktiv şəkildə kampaniyalara qoşulmağa çağırır. Bundan başqa, Əmlak Xidmətləri Məkanı həftənin bütün günləri fəaliyyət göstərməklə istismarına icazə verilən binalardakı mənzillərin operativ olaraq qeydiyyatını həyata keçirir.
Belə kampaniyaların keçirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, vətəndaş-məmur ünsiyyətinin azaldılmasına, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasına imkan verir. Bundan başqa, rəsmi mülkiyyət sahibi olmaq əmlakların rahatlıqla iqtisadi əməliyyatlara cəlb edilməsinə şərait yaradır.
Azərtac