Daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi: xidmət prosedurları nədən ibarətdir?
Daşınmaz əmlak obyektlərinin formalaşdırılması dedikdə, daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış obyektin bir hissəsinin ayrılması, bölünməsi, birləşdirilməsi ilə bağlı aparılan kompleks kadastr işlərinin məcmusu nəzərdə tutulur.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"na uyğun olaraq daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsinə dair işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır.
Bu xidmət Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binasında və Əmlak Xidmətləri Məkanında göstərilməkdədir. Daşınmaz əmlakın formalaşdırılması və kadastr planlarının verilməsi xidməti üçün istifadəçilərdən sorğu, ərizə, xidmət haqqının ödənilməsi barədə sənəd, torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və digər sənədlər tələb olunur.
Daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi xidmətindən istifadə etmək istəyən şəxslər ərizə və ya sorğu ilə adıçəkilən xidmət ünvanlarına yaxınlaşa bilər. Xidmət prosedurlarına gəldikdə isə, müraciət qəbul edildikdən 5 gün müddətində daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyü ilə bağlı araşdırma aparılır. Kifayət qədər məlumat olmadığı halda daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işləri aparılır. Daşınmaz əmlak obyektinin formalaşdırılması layihəsi hazırlandıqdan sonra yeni yaradılan və formalaşdırılan obyektlər barədə kadastr planları hazırlanır və rəsmiləşdirilərək istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.
Qeyd edək ki, daşınmaz əmlak obyektlərinin formalaşdırılması və kadastr planlarının verilməsi ilə bağlı göstərilən xidmətlərdə dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2010-cu il 10 noyabr tarixli, 1 saylı qərarı ilə müəyyən olunur.