Daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmır. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 16-dan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.
Komitədən FED.az-a verilən məlumata görə, Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşan ilk belə sosial layihənin növbəti ünvanı rayonun Saray qəsəbəsi olacaq. 23-27 iyul tarixlərində qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında reallaşacaq kampaniya zamanı ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.
Müxtəlif ərazilərdə əhalini kütləvi formada çıxarışlarla təmin edən digər bir sosial layihə növbəti dəfə iyulun 20-də reallaşdı. Bu dəfə xidmətləri vətəndaşın olduğu məkanda göstərən mobil ofislərin ünvanı Yevlax rayonu oldu. Kampaniya zamanı rayonun Nərimanabad, Səmədabad və Bünyadabad kəndlərinin sakinləri daşınmaz əmlak xidmətlərindən yararlanıblar. Birbaşa yaşayış ünvanlarına gətirilən, əlçatanlıq amilini özündə əks etdirən qeydiyyat prosesindən 150-yə yaxın sakin istifadə edib. Rayonda baş tutan layihə çərçivəsində mobil ofislərdə 100-ə yaxın sakinə əmlaka dair çıxarışlar təqdim olunub.
Bunlardan 60-a yaxını Nərimanabad, 20-yə yaxını Bünyadabad, 10-dan çoxu isə Səmədabad kəndinə aid olub. Verilən çıxarışların əksəriyyətini kənd təsərrüfatı torpaqları, fərdi yaşayış evləri, həyətyanı torpaqlar təşkil edib. Kampaniya zamanı 50-yə yaxın rayon sakinindən çıxarışın hazır olunacağı vaxt bildirilməklə ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.
Çıxarış veriləcək əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçülərinin müəyyən olunması mobil ofislərdə yaradılan şərait nəticəsində reallaşıb. Yevlax rayonunda sakinlərə daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri ilə bərabər, bu sahədə bir sıra hüquqi xidmətlər də göstərilib. Daşınmaz əmlakla bağlı prosedurlar, tələb olunan sənədlər barədə vətəndaşları maraqlandıran suallar komitə əməkdaşları tərəfindən cavablandırılıb. Eləcə də, müasir texniki imkanlardan istifadə edərək vətəndaşlara göstərilən yeni innovativ xidmətlər barədə rayon sakinləri məlumatlandırılıb. Qeyd edilib ki, vətəndaşlar çıxarışlarını 1 iş günü müddətində də ala bilirlər.
Sosial kampaniyada hər bir çıxarış almaq istəyən vətəndaşa xüsusi diqqətin göstərilməsi ilə yanaşı, onların məişət fəaliyyətinə uyğun xidmət şəraiti də yaradılır. Belə ki, çıxarışlar kəndlilərin əkin-biçin ilə məşğul olduğu kənd təsərrüfatı sahələrində, tarlalarda, əmək
müəssisələrində də təqdim olunur. Sosial layihənin müsbət tərəflərindən biri də fiziki məhdudiyyətli şəxslərə qeydiyyat prosesinin birbaşa evlərində göstərilməsidir.
Komitə tərəfindən belə sosial layihələrin keçirilməsi ilə vətəndaşlar qeydiyyat xidmətlərindən daha operativ formada, iş rejimini pozmadan, əlavə ünvanlara getmədən istifadə edirlər. Kampaniya həm də daşınmaz əmlakın hüquqi etibarlılığının və iqtisadi faydallığının daha da artırılması istiqamətində yüksək fayda verir. Təqdim olunan xidmətlər nəticəsində torpaq sahibləri, fermerlər, kənd təsərrüfatı ilə məşğul olanlar eləcə də mənzil sahibləri əmlaklarından müxtəlif sahələrdə səmərəli istifadə edirlər.