Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Eləcə də bax: Bakıda bina həyətlərinin girişinə qoyulmuş - MANEƏLƏR SÖKÜLÜR
FED.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində qanunazidd tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı daxil olmuş məlumat əsasında Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.
Baxış zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmadan 7 nömrəli 20 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə vətəndaş tərəfindən tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib. Araşdırma nəticəsində tikinti-quraşdırma işlərinin yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsinin havalandırılması üçün nəzərdə tutulan şaxtanın üzərində aparıldığı müəyyən edilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada binaya bitişik qeyri-qanuni tikilinin sökülməsi təmin edilib və yeraltı avtodayanacaq sahəsinin havalandırma şaxtasının fəaliyyəti bərpa olunub.