Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 17-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən FED.az-a verilən məlumata görə, budəfəki hərraca 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 25 kvadratmetr ilə 9 297 kvadratmetr arasında dəyişir. Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Xaçmaz, Qusar, Ağdaş və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar “Kərpic sexi”, Astarada yerləşən "Azərbaycan" kinoteatrı, Şəmkir Balıq Zavodu kimi iri dövlət əmlakları var.
Eləcə də bax: Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 350 kvadratmetrə yaxın, torpaq sahəsi isə 4 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi balıq, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.
Bakının Qaradağ rayonunda yerləşən 10 saylı iaşə obyektinin ümumi faydalı sahəsi 600 kvadratmetrdən çox, torpaq sahəsi isə 700 kvadratmetrə yaxındır.
Bundan başqa, özəlləşdirilməyə çıxarılan klub və mədəniyyət evlərinin satış qiyməti o qədər də baha deyil. Ağdaş rayonunda yerləşən “Bulaqotağı” kənd klubu 7 min 200 manata özəlləşməyə çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 100 kvadratmetrdən çox, torpaq sahəsi isə 200 kvadratmetrdir. Hərraca qoşulmaq istəyənlər öncədən 720 manat beh ödəməlidirlər.
Goranboy rayonunda yerləşən Səmədabad kənd klubu daha sərfəli qiymətə özəlləşməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiymətin 3 min 600 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 132,5 kvadratmetr, torpaq sahəsi 150 kvadratmetrdən çoxdur.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 26-sı paytaxtda, qalanları isə Sumqayıtda, Mingəçevirdə, Abşeronda yerləşir. Belə əmlakların sahəsi 25 kvadratmetr ilə 327 kvadratmetr arasında dəyişir.
Hərraca çıxarılan avtomobillərin isə buraxılış tarixi 2008-2009-cu illəri əhatə edir.
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı emdk.gov.az və privatization.az saytından almaq olar.