Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 27-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.
Komitədən FED.az-a verilən məlumata görə, ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.
İri həcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər.
Səhmdar cəmiyyətləri paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.
Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər. Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.
Özəlləşdirməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kv.m ilə 179.1 kv.m aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.
2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri də hərraca çıxarılıb.