Məlumat verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində problem yaşanıb.
Belə ki, mənzillərin onlayn satışı həyata keçirilib. Sistem isə bu satışın öhdəsindən gələ bilməyib. Saytda yüklənmələr olub və minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.
FED.az xəbər verir ki, qeyd edilən sistemlə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Belə ki, məlum olub ki, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün RİSK şirkətinə 260 min manat vəsait ayrılıb.
Bu barədə Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz məlumat paylaşıb.
Onun sözlərinə görə, “Güzəştli Mənzil ” informasiya ” sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500 min manat vəsait ayırıb:
“Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli “İT support” təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə sistemin dayanıqlığını test etmək olardı. Baş verənlər göstərir ki sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb”.