Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin satışı ilə bağlı məlumat yayıb. FED.az-ın məlumatına görə, Agentlik bildirir ki, Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı prosesinə 29.04.2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11003 nəfərdir.
Eləcə də bax: Sosial mənzilləri 4-5 saniyəyə alanlar oldu - KOMPÜTERÇİLƏR KÖMƏK EDİB
Bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olmuşdur. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Bu saata olan məlumata görə seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında idi.