Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
FED.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərraca rayon sakini olan iştirakçılardan biri onlayn rejimdə qoşulub və rəqabət yaranıb.
Belə ki, Gəncə şəhərinin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı təkliflər ard-arda səsləndirilib. Ümumi faydalı sahəsi 10 kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat olsa da, yekun satış qiyməti 8 500 olub. Bundan başqa, Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin də qiyməti rəqabət nəticəsində 1 750 manatdan 1 920 manata yüksəlib. Həmin əmlakın ümumi faydalı sahəsi isə 18 kv.-ə yaxındır.
Ümumilikdə bugünki hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisələri Gəncə, Yevlax, Şəmkir, Zərdab və Xaçmazda yerləşir. Qeyri-yaşayış sahələrindən isə 9-u Bakının Suraxanı, Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayonlarında, digərləri isə Gəncə, Göyçay, Ucarda yerləşir.