Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istismara icazə verilmiş binalarda mobil qeydiyyat kampaniyalarını davam etdirir. İntensiv xarakter alan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası avqustun 5-dən 9-dək paytaxtın 5 rayonunda keçiriləcək.
FED.az xəbər verir ki, aksiya çərçivəsində avqustun 5-də paytaxtın Nizami, 6-da Sabunçu, 7-də Nəsimi, 8-də Xətai, 9-da isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.
Nizami rayonu üzrə kampaniya 8-ci kilometr yaşayış sahəsi, Elşən Süleymanov 158A ünvanındakı 17 mərtəbəli, 202 mənzilli binada, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 14 mərtəbəli, 344 mənzilli binada keçiriləcək. Nəsimi rayonunda qeydiyyat xidmətləri Hənifə Ələsgərov küçəsi, 996-cı məhəllədəki 20 mərtəbəli, 71 mənzilli, Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsindəki 21 mərtəbəli, 183 mənzilli, Nərimanov rayonunda isə Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli, 141 mənzilli binalarda olacaq.
İstismara icazə verilən binalarda təşkil olunan səyyar kampaniyalar vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsinə yönəlib. Bununla da ölkədə dövlət qeydiyyatına alınmış leqal əmlakların sayı artır, vətəndaşların hüquqi və iqtisadi əməliyyatlarda mənzillərindən istifadəsi genişlənir.