Banner

İnşaat və əmlak

"Bu binalar zəlzələyə tab gətirməyə bilər" – FHN-dən AÇIQLAMA

"Bu binalar zəlzələyə tab gətirməyə bilər" – FHN-dən AÇIQLAMA | FED.az
10:36 1 Fev 2020

Bir neçə gün əvvəl Türkiyədə baş verən zəlzələ səbəbilə 40-a yaxın insan dünyasını dəyişdi. Təbii fəlakət nəticəsində 30-a yaxın bina uçdu, ancaq kompleks şəkildə tikilən binalar içərisində sadəcə bir binanın tamamilə dağılması ağıllara bir çox suallar gətirdi. Mütəxəssislər bunun əsas səbəbini ərazidə bina inşa edərkən hər birinin tikildiyi torpaq sahənin lazımi qaydada tədqiq edilmədiyi ilə izah etdilər.

Eləcə də bax: FHN 351 binaya - MÜSBƏT RƏY VERİB

Bəs Azərbayanda bina inşa edilərkən bütün detallar nəzərə alınırmı?

Azərbaycanın da seysmoloji bölgədə yerləşdiyini nəzərə alaraq mütəxəssislərdən binaların zəlzələyə davamlılığı barədə rəy aldıq.

FED.az məlumat verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Yeniavaz.com-a açıqlamasında bildirdi ki, binalar inşa edilməzdən əvvəl tikiləcəyi ərazi, yer dəqiq şəkildə öyrənilməlidir:

"Türkiyədə baş verən zəlzələyə diqqət yetirsəniz görərsiniz ki, eyni kompleksdə ortada sadəcə bir bina çöküb. Bunun səbəbi oradakı torpaq sahəsinin eyni götürmələsidir. Halbuki həmin yerlər bioloji quruluşu mürəkkəb olan ərazilərdir və oranı ayrıca öyrənmək lazımdır. Çünki süxurların müxtəlifliyi, qırılmalar, sürüşmə modulu, qurunt suları və sair ayrı-ayrıca dəqiqləşməlidir. Nə olsun ki, eyni ərazdir, inşa ediləcək hər binanın altı dəqiq şəkildə araşdırılmalıdır. Bizim tikinti şirkətləri də bunu dəqiqləşdirdikdən sonra bina inşasına başlamalıdırlar".

Qurban Yetirmişli bildirdi ki, Azərbaycan ümumilikdə seysmoaktiv bölgədə yerləşir. Bu səbəbdən ümumiyyətlə bina inşa edərkən nəzərə almaq lazımdır ki, zəlzələ dalğasını ötürmə qabiliyyəti olan binalar inşa etmək lazımdır:

"Misal üçün Xəzər dənizindən gələn potensial gücə malik olan zəlzələ ocaqları, digər tərəfdən Şamaxı, İsmayıllı, Şəki, Quba, Qusar və sair bölgələrimizdə ən çox zəlzələ baş verir. Ötən əsrin əvvəlində (1902) Şamaxıda dəhşətli zəlzələ baş vermişdi. Qeyd edim ki, Azəbaycanda elə gün olmasın ki, zəlzələ baş verməsin. Düzdür hiss olunmur, ancaq, bəzi vaxtlarda bir gecədə 40-a yaxın zəif təkanlar baş verir".

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Hüseynov isə Yeniavaz.com-a Azərbaycanda inşa edilən binaların zəlzələyə davamlı olub-olmamasına necə nəzarət edilməsindən danışdı.

Elxan Hüseynov bildirdi ki, verilən bütün tikinti layihələri əvvəlcə ekspertizaya təqdim olunur:

"Ekspertizada binaların tikinti normaları və zəlzələyə dayanıqlığı yoxlanılır. Bundan sonra tikintiyə icazə verən orqanlar, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublikanın digər bölgələrində isə yerli icra hakimiyyəti orqanları 3 gün ərzində icazə sənədinin surətini bizə göndərir və  biz həmin bölgəni yoxlayırıq".

Elxan Hüseynov bildirdi ki, Azərbaycanın seysmoaktiv bölgədə olmağına baxmayaraq hündür binaların tikilməsində heç bir problem yoxdur:
"Əgər binanın bölgədə neçə mərtəbəli tikintisinə icazə veribsə, həmin mərtəbəli binanın inşasına başlanılır. Birinci mərtəbə yuxarı mərtəbələrin hamısından daha çok yük daşıyır. Bu səbəbdən beton sütunlar aşağı mərtəbələrdə daha dayanıqlı şəkildə inşa edilir. Bu həm də tikintinin özünün maddi dəyərinin aşağı salınmasına da köməklik göstərir".

Elxan Hüseynovun sözlərinə görə, müasir dövrdə Azərbaycanda inşa edilən binalar 9 ballıq zəlzələlər nəzərə alınaraq inşa edilir:
"Azərbaycanda 1960-cı ilə qədər seysmik normalar olmayıb. Ancaq, 1961-ci ildən başlayaraq binalar 7-9 ballıq zəlzələyə hesablanıb. Artıq bu gün biz 8 və 9 ballıq zəlzələni nəzərə alaraq tikintilər aparırıq. Biz hətta dinamik üsullarla da binaların təhlükəsizliyini yoxlaya bilirik. Binanın ətrafında 1-2 ballıq zəlzələ edərək binanın neçə bala tab gətirə biləcəyini yoxlaya bilirik. Ancaq qeyd edim ki, bizim 100-150 illik binalarımız var. Həmin binalar zəlzələyə tab gətirməyə bilər. Onları 9 bala tab gətirən binaya çevirmək mümkün deyil. Qeyd etmək lazımdır ki, biz Azərbaycanda 8 və ya 9 ballıq zəlzələ gözləmirik. Ancaq, təhlükəsizlik tədbirləri təbii ki, görülməlidir. Hətta biz bu gün bir qayda olaraq tələb qoyuruq ki, yeni tikilən binalar da istifadəyə verildikdən sonra hər 5 ildin bir yolxama aparılsın".

Digər xəbərlər

Banner