Yaşayış binalarında mənzillərarası səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, mənzillərarası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır.
Yaşayış otaqlarının daxili və xarici qoruyucu konstruksiyalarının səs izolyasiyası xarici səs-küy mənbələrinin səs təzyiqinin, həmçinin zərbə səs təzyiqinin və mühəndis sistemi avadanlıqlarının, havaötürücü boruların səs təzyiqinin azaldılmasını təmin etməlidir.
Yüksək nəqliyyat səs-küyü olan ərazidə yaşayış binaları yerləşdirilərkən səs-küyün azaldılması səs əleyhinə xüsusi tədbirlər yolu ilə, o cümlədən təsirli səsdənqoruyucu xüsusiyyətləri olan xarici divar və digər qoruyucu konstruksiyalarından və pəncərə aralığı doldurucularından istifadə etməklə həyata keçirilə bilər.
Mühəndis avadanlığından və digər binadaxili mənbələrdən yaranan səs-küy təyin edilmiş yolverilən səviyyəni və binadaxili səs mənbələri işləmədikdə isə fon göstəricilərini 2 dB-ni aşmamalıdır.
Yolverilən səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazlarının və boru kəmərlərinin birbaşa mənzillərarası divarlara və həmçinin, yaşayış otaqlarını ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.