Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.
Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun icra başçısı Eldar Əzizov son günlər Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.
İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara Bayılda tikilən və tikiləcək pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.
Eldar Əzizov bildirib ki, ölkəmizin başçısı İlham Əliyev ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə artıq Azərbaycanda milli sahibkarlar təbəqəsi yaranıb. Dövlət qurumlarından onların fəaliyyətinə hər cür kömək göstərilməsi tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün pilot layihələr Prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir.
"Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanunamüvafiq həll etməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər", - deyə Eldar Əzizov qeyd edib.
Sonda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən Bayıldakı sürüşmənin tarixi, buradakı proseslərin gedişi, görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat xarakterli film göstərilib, film geniş müzakirəyə səbəb olub.