Kirayə mənzil bazarında zonalar üzrə tələbatda və qiymətlərdə dəyişikliklər baş verir. Aktivlik mərkəzdən şəhər kənarına doğru hərəkət edir. Tələbələrin gəlişi avqustun sonları və sentyabrda kirayə mənzil bazarında xüsusi canlanma yaradır.
Bu fikirləri FED.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli bildirib.
O qeyd edib ki, ümumiyyətlə, kirayə mənzil bazarının əsas istehlakçıları tələbələrdir. Onun sözlərinə görə, paytaxtda aparılan tikinti işləri kirayə mənzil bazarına təsir edib.
N.İbrahimli vurğulayıb ki, əvvəllər “sovetski, xutor, kubinka, alatava” kimi ərazilər üstünlük təşkil edirdisə, son bir neçə il ərzində bu ərazilərdə söküntünün həcmi artdığından kirayə mənzil tutmaq istəyənlər yeni yasamal, mikrorayon, badamdar ərazilərinə üz tuturlar.
Ekspert əlavə edib ki, yeni tikililərdə də mənzil kirayələməyə maraq göstərənlər var. Amma bu, binanın yerləşdiyi ərazidən daha çox asılıdır.
Əmlak bazarı üzrə ekspert qeyd edib ki, yeni tikilən binalar baha qiymətə olduğundan ümumi tələbə kontingentinin tələblərinə bir çox hallarda cavab vermir. Bu baxımdan tələbələr yaxın ərazilərdən uzaq ərazilərə köçürlər. Məsələn, əvvəllər tələbələr Əhmədli və 20-ci Sahəyə maraq göstərmirdilər. Amma son dövrlər maraq artıb.
Ekspert qeyd edib ki, kirayə mənzil bazarına olan tələbat şəhərin mərkəzi hissələrindən şəhərkənarı zonaya keçib. Onun sözlərinə görə, bu zonada aktivliyin yüksəlməsi qiymətlərin də artmasına təsir göstərib.
AZƏRTAC