Azərbaycanda tikinti sahəsindəki qanunvericiliyə dəyişiklik edilməsi, «yaşıl tikinti» və «yaşıl bina» yanaşmalarının tətbiqi gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla təsdiq etdiyi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulub.
Planda dövlət qurumlarına tapşırıq verilir ki, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə “yaşıl tikinti” və “yaşıl bina” yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyinin təhlili, beynəlxalq təcrübənin araşdırılması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlansın.
Bu tapşırığın icraçıları Nazirlər Kabineti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzidir.










