İnşaat və əmlak

Bakıda obyektlər və torpaqlar – KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR

Bakıda obyektlər və torpaqlar – KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR | FED.az
09:05 15 May 2020

Aprel ayında Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlərdə artım müşahidə edilib.

Bu barədə FED.az-a «MBA Group» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. 

Ekspert bildirib ki, qiymət artımı həm yeni, həm də köhnə tikililərdə müşahidə edilir: «Aprel ayında yeni tikilmiş mənzillərin 1 kvadratının qiyməti 1695 manat olub, 2,05% qiymət artımı müşahidə edilib. Köhnə tikililərdə 1 kvadratının qiyməti 1329 manat olub ki, burada da artım 2,76% olub».

Torpaqlar və obyektlər isə daha sürətli bahalaşıb. Belə ki, aprel ayında torpaqların qiymətində 9,12% artım olub. Biznes obyektlərinin 1 kvadratmetrinin satış qiyməti 8,43% bahalaşaraq 2 953 manata yüksəlib: «Biznes obyektlərinin 1 kvadratmetrinin icarə qiyməti isə 17,83 manat olub ki, burada da artım 7,7% təşkil edib».

Kirayə mənzil bazarında təklif olunan 1 orta mənzilin qiyməti 932 manatdır – əvvəlki ayla müqayisədə 0,36 faiz azalma olub. Amma kvadratmetrlə götürdükdə, 1 kvadrat mənzilin icarə qiyməti 8,16 manat olub ki, bu da 2% artım deməkdir.

Nüsrət İbrahimov hazırda daşınmaz əmlak bazarının passiv vəziyyətdə olduğunu bildirir: «Daşınmaz əmlak bazarında sadəcə təklif var, amma alıcı yoxdur. Hələ ki, bazarda canlanma hiss olunmur. Çox güman ki, vəziyyətin normallaşması bir-iki ay vaxt çəkər».

Digər xəbərlər

Banner