Paytaxtın daşınmaz əmlak bazarında maraqlı proseslər baş verir. Son 4 ildə ilk dəfə olaraq daşınmaz əmlak bazarında ilkin bazar qiymətləri təkrar bazar qiymətlərini üstələyib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının – ABB-nin hazırladığı “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı yeni araşdırma-hesabatında bildiriir.
Hesabatda bildirilir ki, Bakı şəhərində təklif edilən mənzillərin qiymətində 2021-ci ilin IV rübündən etibarən davamlı qiymət artımı müşahidə edilir.
İlkin mənzil bazarında qiymət artımı şəhər ərazisində boş torpaq sahəsinin məhdudlaşması və ipoteka maliyyələşməsinin davam etməsi ilə əlaqələndirilir. İlkin mənzil bazarında qiymət artımı paralel olaraq, təkrar mənzil bazarında da özünü eyni tendensiya ilə əks etdirir.
Müşahidə dövründə 2024-cü ildə ilk dəfə olaraq, ilkin bazarda qiymətin təkrar bazar qiymətlərini üstələməsi qeydə alınıb.
Bankın açıqladığı hesabatdan məlum olub ki, paytaxtda yeni tikililərin orta qiyməti 1 kvadratmetr üçün 2300 manata çatıb. Təkrər bazardakı mənzillərin kvadratmetrinin qiyməti isə 2250 manat ətrafındadır.
Halbuki, 4 il əvvəl – 2021-ci ilin əvvəlində Bakıda yeni tikililərin kvadratının qiyməti 1350 manat, təkrar bazardakı mənzillərin qiyməti isə 1700 manat idi.
Qiymətlərin belə dəyişməsi Bakı şəhərində son dövrlər köhnə tikili binaların söküntüsünün sürətlənməsi, həmçinin Tikinti İnam İndeksinin artması, tikinti şirkətlərinin daxili ipoteka şərtlərinin mövcudluğu və yeni tikililərin müasir standartlara uyğun inşası ilə əlaqələndirilir.
Müəyyən dövrlər ərzində daşınmaz əmlak bazarında təklif edilən mənzillərin orta dəyər göstəricisi aşağıdakı kimi olub.
2021-ci ilin IV rübündən etibarən qiymətlərin artması müşahidə edilib. 2024-cü ilin əvvəli ilə müqayisədə 6 ay ərazində təkrar mənzil bazarında orta təklif qiyməti 14,8% artıb. Hesabatdan məlum olur ki, təkrar bazardakı mənzillərin orta qiyməti 190 min manatı keçərək 200 min manata yaxınlaşıb.