İnşaat və əmlak

Bakıda «novostroyka»lara «kupça» verilməsinə başlanıb

Bakıda «novostroyka»lara «kupça» verilməsinə başlanıb | FED.az
16:34 12 Aprel 2019

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən istismara icazə verilən bina sakinlərinə mənzillərinə dair çıxarışlar ünvanlarında verilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, dövlət başçısının 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır.

Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 12-də Bakıda istismara icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 60-a yaxın vətəndaşa birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair çıxarışlar təqdim olunub.

Eləcə də bax: Bakının Baş Planını - ALMAN ŞİRKƏTİ HAZIRLAYACAQ - AÇIQLANDI

Qeyd edilməlidir ki, çıxarış verilməzdən əvvəl ilkin sənədlər də yaşadıqları ünvanlarda toplanılıb. Bununla paralel olaraq mobil ofislər vasitəsilə istismara icazə verilən daha 5 binada da səyyar qaydada ilkin sənədlərin toplanması işi aparılır. Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilir. Belə binalarda izahedici elanlar yerləşdirilir, vətəndaşlarla məlumat xarakterli işlər aparılır.

Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edə biləcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdiriləcək.

Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.  

Vətəndaşlara çıxarışların əldə edilməsi üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilib. Həmçinin bildirilib ki, Əmlakın qeydiyyatı kalkulyatoruna daxil olmaqla onlar əvvəlcədən onlayn qaydada çıxarış üçün tələb olunan məbləği öyrənirlər.

Qeyd edilməlidir ki, adıçəkilən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.  

Digər xəbərlər

Banner