Prezident İlham Əliyevin Bakının Mərkəzi inzibati rayonunun yaradılması haqda təklifin qısa zamanda hazırlanması barədə tapşırıq verib.
Eləcə də bax: Bakıda mərkəzi rayon yaradılır - ELDAR ƏZİZOVDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Media.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.
Onun sözlərinə görə, belə bir ideyanın gərçəkləşməsi mühüm əhəmiyyət kəsb edir:
“İş ondadır ki, şəhər çoxlu rayonlara bölünüb, onların rəhbərləri çox vaxt bir-biriləri ilə əlaqə yaratmır, onların məsələlərə baxışları və yanaşmaları müxtəlifdir. Elementar bir misal gətirim, Səbail və Nəsimi rayonlarının inzibati ərazilərində yerləşən Nizami küçəsi. Onların arasında müxtəlif yanaşmalara son qoymaq üçün Bakının bütün tarixi mərkəzinin təmərküzləşəcəyi Mərkəzi rayonun yaradılması ideyası meydana gəldi”.
Əməkdar memarın bildirdiyinə görə, bir il əvvəl yaradıcı insanlarla görüşü zamanı, səsləndirilən bu ideyaya Prezident İlham Əliyev müsbət yanaşıb və konkret təkliflərin təqdim olunmasını istəyib, lakin qeyri-müəyyən səbəblərə görə məsələnin icrası ləngiyib.
“Görüşdən sonra mən təklif hazırlayıb baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etdim. Lakin hansısa səbəblərə görə ideya inkişaf etmədi. Və bu yaxınlarda cənab Prezident Dövlət Komitəsinə yeni sədr təyin edəndə mənim təklifim yadına düşdü, bir il ərzində baxılmaq üçün ona heç bir sənəd təqdim edilmədiyindən narazılığını bildirdi və qısa zamanda bu məsələ üzrə təklif hazırlanması haqda tapşırıq verdi”, - deyə, E.Qasımzadə bildirib.