Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,2 % artıb.
Güzəştli ipoteka kreditinin məbləğinin artırılması - TƏKLİF EDİLDİ
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub
Onun sözlərinə görə, ilkin mənzil bazarında aylıq müqayisədə 1 %, illik müqayisədə isə 12,9 % bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5 %, il ərzində isə 14,5 % artıb.
Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər ay ərzində 1,5 %, il ərzində 10,9 %, köhnə tikililərdə müvafiq olaraq 1,1 % və 9,8 % artıb. Bazarda təklif sayı isə ay ərzində 2 %, il ərzində isə 17 % yüksəlib.
Kirayə bazarında qiymətlər sabit qalıb
Fevralda paytaxtda kirayə qiymətləri sabit qalıb, amma 1 il əvvələ nisbətən 9 % bahalaşma müşahidə edilib. Kirayə mənzillərin təklif sayı ay ərzində 1,1 %, il ərzində isə 15,9 % artıb.
İnvestisiya məqsədilə alınan yeni tikililərdə bahalaşma davam edir
V. Oruc əlavə edib ki, təməl (kotlovan) mərhələsində olan yeni tikililər üzrə qiymətlərdə kəskin bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, hazır binalarla müqayisədə, yanaşı yerləşən yeni tikililər bəzi hallarda 5-18 % daha yüksək qiymətə təklif edilir.
Ekspertin fikrincə, bu tendensiya daşınmaz əmlak bazarında yeni bir fenomen kimi ortaya çıxıb və əsasən investisiya maraqlarını əks etdirir. Yəni, vətəndaşlar hələ inşası başa çatmamış mənzilləri gələcəkdə daha yüksək qiymətə satmaq üçün alırlar. (Report)