Azərbaycanın tanınmış tikinti şirkətlərindən biri olan «Azinko» Bakıda MDB-nin ən hündür binasının tikintisini tamamlamaq üzrədir. Şirkətdən FED.az-a bildirilib ki, Heydər Əliyev prospektində inşa edilən binanın hündürlüyü 277 metr olacaq ki, bu da MDB-də ən hündür tikili sayılır.
50 mərtəbəli binada biznes mərkəz, hotel və restoranlar yerləşəcək. Binanın yuxarısında tacşəkilli qübbə quraşdırılacaq. Şirkətdən bildirilib ki, müasir texnologiyalar əsasında inşa edilən binanın təhlükəsizliyi üçün yeni mexanizmlər tətbiq edilib. Belə ki, zəlzələ və digər hallarda binanın dayanıqlığını qorumaq üçün xüsusi mexanizm qurulub – o binanın müvazinətini balanslayacaq. Gələcəkdə bu mexanizmlə tanış olmaq, eləcə də binadan ətrafı seyr etmək üçün baxış meydançasına ekskursiyalar da təşkil ediləcək.
Ümumi sahəsi 89 min kvadratmetr olan binanın tikintisi 2018-ci ilin sentyabrında başa çatacaq. Bina bütünlüklə ixarəyə veriləcək, hazırda gələcək icarəçilərlə danışıqlar da aparılır.