Avqust ayında Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı olub.
FED.az xəbər verir ki, bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib. Onun sözlərinə görə, hesabat dövründə əhəmiyyətli qiymət dəyişikliyi baş verməyib:
“Satışda olan ucuz mənzillərin sayı azalıb. Bu da sökülən binaların dövriyyədən çıxması ilə əlaqədardır. Ümumi satış portfelində yaşı az olan binaların sayı artmaqdadır. Bu tendensiya bundan sonra da davam edəcək”.
Ekspert deyir ki, ucuz mənzillərin sayı azaldıqca, bahalı mənzillərin sayı artır. Bu da qiymətlərin çox düşməsinə imkan vermir. Hazırda bazarda qiymət sabitliyi müşahidə edilir..
R.Əliyev deyir ki, mövsümdə bazarda 2 % ətrafında qiymət dəyişikliyi olsa da, bu, sadəcə, müvəqqəti qiymət hərəkətləri olub. Onun sözlərinə görə, hazırda bazara təsir edən ikinci faktor tikinti materiallarının qiymətlərindəki artımdır. Bu bazardakı bahalaşma yaxın zamanlarda daşınmaz əmlakın dəyərinə təsir edəcək:
“Xüsusilə, fərdi evlərin tikintisinin maya dəyəri yüksələcək”.
Ekspert qeyd edir ki, hazırda Bakı şəhərində ucuz evlər mərkəzdənkənar ərazilərdə yerləşir. Alıcılar Qaradağ, Sabunçu rayonlarında nisbətən ucuz mənzil əldə edə bilərlər.
Bazar üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, yay aylarında bazarda qiymətlərin, adətən, ucuzlaşması gözlənilsə də, bu mövsüm qiymətlər sabit qaldı:
“İstər mənzillərin, istər kommersiya obyektlərinin, istərsə də torpaqların dəyərində artımlar baş verməyib”.
Mütəxəssis qeyd edib ki, paytaxtda ən bahalı mənzillər Səbail rayonunda yerləşir. Burada evlərin 1 kvadratmetrinin dəyəri 5-7 min manat arasında dəyişir:
“Ucuz mənziilləri Suraxanı, Xəzər rayonlarında almaq olar. Burada köhnə tikililərdə mənzillərin kvadratmetrinin dəyəri 702 manatdır. Yeni tikililərdə də mənzillər baha deyil. Kvadratmetrin dəyəri 750-760 manat arasında dəyişir”.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə bildirir ki, avqust ayı üzrə bazar qiymətləri hazırlanma mərhələsindədir. Lakin 2018-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 2,06 faiz artıb:
“İyulda bahalaşma ticarət obyektləri bazarı istisna olmaqla, bütün seqmentlərə təsir edib. Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 0,28 faiz, təkrar mənzil bazarında 0,1 faiz, torpaq bazarında 3,71 faiz, fərdi evlər və bağ evləri bazarında 2,64 faiz artıb. Mənzil kirayəsi 3,98 faiz, kommersiya obyektlərinin icarəsi 1,32 faiz bahalaşıb. Kommersiya obyektləri bazarında isə qiymətlər iyun ayında 0,26 faiz azalıb”.
Bakıda ən ucuz və bahalı evlər haradadır?
23:23
5 Sen 2018