Bakının mərkəzi hissələrində evlər son 10-15 gündə sürətlə ucuzlaşmaqda davam edir. FED.az xəbər verir ki, bunu açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib. Söhbət İçərişəhər, Nizami Metrosu, Sahil Metrosundan 28 May Metrosuna qədər ərazilərdə yerləşən qiyməti 150-200 min manat arasında olan mənzillərdən gedir. Bu mənzillərin qiyməti 20%-ə qədər aşağı düşüb:"Məsələn, 200 min manatlıq mənzildə bu, 40 min manat enmə deməkdir və ciddi fərqdir". V.Hüseynov bildirib ki, bəzi evlərin qiyməti isə hətta 45%-ə qədər düşüb. Məsələn, bir ay əvvəl "Tarqovı"da 440 min manata olan 3-4 otaqlı evin qiyməti 250 min manata salınıb. O əlavə edib ki, elan saytları vasitəsilə satışa çıxarılan bu evlərin 70-80%-də qiymətlər endirilib.
Ekspert hesab edir ki, bu evlərin ucuzlaşmasının əsas səbəbi yatırım vasitəsi olmasıdır. Belə ki, son dövrlər qonşu ölkələrdə dolların bahalaşması Azərbaycanda biznes mühitinə də təsir edib. Belə olan halda iş adamlarının təcili pula ehtiyacı yaranıb. Nəticədə əvvəllər investisiya etdikləri daşınmaz əmlakları bazara çıxarıblar. Əmlak bazarında yaranan təklif çoxluğu isə qiymətlərin aşağı düşməsinə təsir edib.
V.Hüseynov bildirib ki, hazırda daha çox yaşayış üçün alınıb-satılan, qiyməti 100 min manata qədər olan evlərdə isə hər hansı qiymət dəyişikliyi müşahidə edilmir.