Bakı şəhər icra hakimiyyəti paytaxın ayrı-ayrı küçələrində abadlıq və obyektlərin dizaynının dəyişdirilməsi işlərinə başlayıb.
İcra hakimiyyətindən FED.az-a bildirilib ki, artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb. Hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur: «Binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin eilməsi üçün müasir yol infrasrastrukturu yaradılır»-deyə bildirilir.
Prosesə Fövqəladə Hallar Nazirliyi də cəlb edilib. Nazirliyini mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür.
Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır. «Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar»-deyə bildirilir.
Eyni zamanda küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaçıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.