Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksində güzəştli güzəştli şərtlərlə mənzil satışının ilkin nəticələrini elan edib.
Eləcə də bax: Hövsandakı 224 güzəştli mənzili kimlər alıb - AÇIQLANDI
Agentlikdən FED.az-a bildirilib ki, bu dəfə kompleksdə 1 saylı binada 27 mənzil, 4 saylı binada 121 mənzil, 5 saylı binada 260 mənzil və 6 saylı binada 93 mənzilin, ümumilikdə 501 mənzil satışa çıxarılıb.
Vətəndaşlar bu mənzilləri həm ipoteka kreditləri, həm də öz vəsaiti hesabına ala bilərdilər.
Satış prosesi bu gün saat 11-də başlayıb və artıq günün sonuna 490 mənzilin seçimi qısa müddətdə başa çatdırılıb. Qalan 11 mənzilin satış prosesi 28 dekabr saat 11-dək davam edəcək.
Mənzillərin seçilməsi və satışı «Elektron hökumət» portalı (www.e-gov.az) üzərindən «Güzəştli mənzil» elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
Bugünkü satış zamanı 501 mənzilin seçimində iştirak edənlərin sayı 847 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 490 mənzilin 394-ü vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
MİDA-nın sərəncamında olan mənzillərin gözləmə qaydasında seçimi isə 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.