Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərman tikintisi bu il yanvarın 1-nə qədər başa çatmış təxminən 400 bina ilə bağlı müvafiq addımın atılmasını nəzərdə tutur.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev məlumat verib.
"Həmin binalar artıq istismar edilir. Onların istismarına icazə verilməsinin sadələşdirilməsi üçün fərmanda çox dəqiq mərhələlər qeyd edilib. Bu işlə məşğul olacaq dövlət orqanları məlumdur. Fərmanda qeyd edildiyi kimi, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyi (FHA) həmin binaların dayanıqlılığı, texniki cəhətdən istismara tam hazır olması ilə bağlı rəy verəcək. 7 gün ərzində isə binanın istismarına icazə verilməlidir. Bildiyiniz kimi ötən ilin avqust ayından etibarən Komitəyə binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət verilib. Bundan sonra, təhlillər aparılıb, bu növ binaların sayı müəyyən edilərək aidiyyati dövlət qurumlarına məlumat verilib. Bir neçə dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb. İlkin təhililərə görə belə binaların sayı 400 olduğu müəyyən edilib. Lakin yaxın aylar ərzində bu rəqəm bir qədər dəqiqləşə bilər. Fərmanda o da qeyd olunub ki, binaya baxış mənfi olarsa, yəni binada hər hanıs bir texniki çatışmazlıq aşkar edilərsə bina sahibinə, tikinti şirkətinə, mənzil tikinti kooperativinə bu barədə məlumat verilir. Bu çatışmazlıqların aradan qaldırılması üçün 5 ay müddət verilir. Müddət bitənə qədər çatışmazlıq aradan qaldırılsa, təkrar baxış aparılacaq və istismara icazə veriləcək”, - deyə Komitə rəsmisi qeyd edib.
Eləcə də bax: “Elektron müraciət sistemi” fəaliyyətə başladı