Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda 100-dən artıq binanın qəzalı vəziyyətdə olduğu təsdiqlənib.
FED.az xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, əgər daha ciddi araşdırılsa, bu say arta bilər:
"Həmin binaların əksəriyyəti sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunduqdan sonra yoxlanış aparılaraq qəzalı kimi qeydiyyata alınıb. Ciddi şəkildə monitorinq aparılsa, qəzalı vəziyyətdə olan binaların sayı arta bilər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılacaq komissiyanın qəzalı vəziyyətdə olan binaları qeydə alması müsbət hal olacaq. Çünki qeydə alınacaq qəzalı binalarla bağlı müəyyən addımlar atılacaq ki, bu da baş verə biləcək təhlükənin qarşısını alacaq. Hazırda paytaxtda köhnə binaları söküb yerində təzə bina tikənlər özəl şirkətlərdir. Biz əmlak bazarına nəzər salsaq, tikinti ilə məşğul olan şirkətlər müştəri araşdırması aparır, daha sonra ümumi ərazi üzrə qiyməti hesablayaraq söküntü işlərinə başlayırlar. Paytaxtın elə əraziləri var ki, orada qəzalı vəziyyətdə binalar olsa da həmin tikililəri söküb yenisini tikmək tikinti şirkətləri üçün sərfəli deyil. Qəzalı və istismar müddəti bitən çoxmənzilli yaşayış binaları sökülənə qədər həmin binalarda tikinti bərpa işləri aparmaq lazımdır. Qısa müddətdə bütün qəzalı binaların sökülüb tikilməsi mümkün deyil. Buna çox böyük maliyyə lazımdır. Yaradılan komissiya monitorinqlər apardıqdan sonra lazımı binaları təmir edib, söküləcək vaxta qədər gözləmək lazımdır", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb. (Trend)