Azərbaycandan olan investorlar Kavminvodıda (Qafqaz Mineral Suları) yeni sanatoriyanın tikintisinə sərmayə yatırmağa hazırdır.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov məlumat verib.
“Kavminvodı artıq çoxdan beynəlxalq kurorta çevrilib. Azərbaycandan olan investorların yatırdığı sərmayə sayəsində sanatoriyaların nömrə fondu min yer artıb, gələcəkdə isə daha da artacaq - Kislovodskda üçüncü sanatoriya tikiləcək”, - deyə V.Vladimirov jurnalistlərə bildirib.
Dekabrın 24-də qubernator Jeleznovodsk şəhərində Azərbaycan investisiyaları hesabına inşa edilmiş “İstoçnik Jeleznovodsk” sanatoriyasının açılışında iştirak edib.
480 yerlik obyektin açılış mərasimində Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və layihənin investoru Əsabil Qasımov iştirak ediblər”, - deyə qubernatorun mətbuat xidmətindən bildiriblər.
Sanatoriya müasir tibbi və SPA-avadanlıqları ilə təchiz olunub. Orada xroniki xəstəliklərin: mədə-bağırsaq traktı, dayaq-hərəkət sistemi xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsi aparılacaq.
P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan şirkətlərinin Rusiya iqtisadiyyatına yatırdığı investisiyalar RF-yə göstərilən etimadın yüksək səviyyəsindən xəbər verir.
“Biz uzun illər bir yerdə yaşamışıq və mehriban qonşular olaraq qalmaqda davam edir, həm qarşılıqlı siyasi, həm də iqtisadi münasibətləri inkişaf etdiririk. Azərbaycan investorlarının Rusiya iqtisadiyyatına sərmayə qoyması ölkənizə və burada yaradılmış investisiya mühitinə böyük etimad göstərməsi deməkdir. Stavropolda yeni sanatoriyanın açılması bunu təsdiqləyir və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində atılan daha bir addımdır”, - deyə səfir vurğulayıb.