Azərbaycanda uzun müddətdir ki, davam edən sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoyur.
Sənədsiz ev probleminin həlli istiqamətində daha bir addım - VİDEO
Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik etməsi bu sahədə hüquqi qeyri-müəyyənliyi xeyli aradan qaldırır, əmlak bazarında aktivliyin artmasına zəmin yaradır.
Məsələ ondadır ki, hazırda ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Bunun da 100 mininə çıxarış almaq mümkün olacaq. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, dövlət başçısının son fərmanı amnistiya xarakteri daşıyır, əvvəllər hüquq müəyyənedici sənəd kimi tanınmayan bəzi sənədlər artıq rəsmi qeydiyyat üçün əsas kimi qəbul edilir, bununla da, vətəndaşlara əmlaklarını leqallaşdırmaq üçün əsaslı fürsət təqdim edilir.
FED.az xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc deyir ki, son fərman əmlak münasibətlərində keyfiyyət dəyişikliyinə yol açacaq, uzunmüddətli proseslərin hüquqi əsasını möhkəmləndirəcək. Onun sözlərinə görə, sənədsiz evlərin sahiblərinə mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı yaradılması ölkə iqtisadiyyatına müsbət təsir edəcək: "Sənədləşdirilmiş evlər artıq ipoteka, bank krediti, sığorta və digər kommersiya məqsədləri üçün istifadə oluna biləcək. Nəticədə qiymətləndirmə bazarı, sığorta sektoru və vergi daxilolmaları genişlənəcək. Kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-rəsmi evlər tikən yüz minlərlə insan var. Onlar da torpaqların statusunun dəyişdirilərək yaşayış sahəsi kimi tanınmasını gözləyir. Bu, kommunal xidmətlərin rəsmiləşdirilməsi və dövlət nəzarətinin artırılması baxımından vacibdir”.
Ekspertin fikrincə, sənədləşdirmə evlərin bazar dəyərinə də ciddi təsir göstərəcək: “Sənədsiz evlər ucuz satılır. Rəsmiləşdirildikdən sonra onların dəyəri artacaq və əmlak bazarında aktivlik yaranacaq. Bu da bazarın genişlənməsi və yeni oyunçuların meydana çıxması üçün mühüm imkan yaradacaq. Fərman elektron xidmətlərin inkişafı baxımından da əhəmiyyətlidir. 15 gün ərzində müraciətlərə cavab verilməsi tələbi bürokratik əngəlləri azaldacaq, xidmət keyfiyyətini artıracaq və rəqəmsal idarəetməni gücləndirəcək. Bu isə vahid və şəffaf əmlak reyestrinin formalaşmasına gətirib çıxaracaq", - deyə ekspert əlavə edib.
Əmlak eksperti Ramil Osmanlı isə məsələni bir qədər ehtiyatlı optimizmlə qarşılayır. Onun fikrincə, bu fərman hüquqi çərçivədə müsbət dəyişikliklərə yol açır və gələcəkdə daha köklü yanaşmanın tətbiqinə imkan verir.
Ekspert xatırladıb ki, 2015-ci ildə imzalanmış fərman artıq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna mühüm dəyişikliklər gətirib: “Qanunun 8-ci maddəsi qeydiyyat üçün tələb olunan sənədləri müəyyən edir. Yeni fərman həmin maddəyə bir sıra sahələrdə sənədləşməni asanlaşdıran əlavə gətirir”.
R.Osmanlı məsələnin köklü həlli üçün “əmlak amnistiyası” modelinə üstünlük verilməsini təklif edir.
Beləliklə, ekspertlərin ümumi rəyinə görə, Prezidentin imzaladığı fərman ölkədə əmlak idarəçiliyi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addımdır. (Report)