Azərbaycan hökuməti ölkənin ən böyük müəssisələrindən biri olan «Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirilməsi üçün 50 xarici şirkətə təklif göndərib. FED.az xəbər verir ki, adı çəkilən müəssisə ölkənin nəinki metallurgiya sahəsində, ümumiyyətlə ən böyük şirkətlərindən biri sayılır.
270 milyon ton dəmir ehtiyatı
Müəssisənin necə böyük potensiala malik olduğunu göstərmək üçün onu demək kifayətdir ki, burada 270 milyon tondan artıq dəmir filizi ehtiyatı var. Başqa sözlə, bu müəssisə qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir. Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında» fərmana əsasən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Daşkəsən Filizsaflaşdırma»nı investisiya müsabiqəsinə çıxarıb.
Xarici investorlara təkliflər göndərilib
Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və səmərəli keçirilməsi məqsədi ilə məsləhətçi qismində «KPMG» şirkəti cəlb edilib. Komitədən bildirilib ki, özəlləşdirilən səhm zərfi beynəlxalq standartlara uyğun qiymətləndirilib, gələcək iqtisadi faydalara əsaslanan investisiya dəyəri müəyyən edilib.
Bundan sonra isə «Daşkəsən Filizsaflaşdırma»nın özəlləşdirilməsi üçün müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb.
Müəssisənin özəlləşdirilməsi və onun şərtləri ilə bağlı elan azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilib. Eyni zamanda müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilib.
İnvestorlar təklifləri araşdırırlar
Bu işlər nəticəsində xarici investorlar müəsssə ilə artıq maraqlanırlar. «Daşkəsən filizsaflaşdırma»ya yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Bu şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb.
Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki və geoloji hesabatları yerində incələmişdir. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir.
«Daşkəsən filizsaflaşdırma» neçəyə özəlləşdiriləcək?
Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 milyon manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədi ilə 5 il ərzində yeni zavodların tikintisinə 600 milyon ABŞ dollarından az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa 1000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir.
Müsabiqə üzrə ərizə və təkliflər 31 may 2018-ci il tarixinə qədər qəbul ediləcək. Müsaqibədə istənilən yerli və xarici investorun iştirakı sərbəstdir. Əmlak Məsələləri Dövlət Komitəsi də maraq göstərən bütün şirkətləri müsabiqədə iştirak etməyə dəvət edir.
Azərbaycanın bu zavodu 50 xarici şirkətə təklif edilib
11:09
8 Fev 2018