Azərbaycanda tikintiyə icazə və məlumatlandırma icxraatı qaydasında tikilmiş binaların və fərdi evlərin qeydiyyatı və onlara çıxarışın verilməsi proseduru sürətləndiriləcək.
FED,az xəbər verir ki, bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi'' işçi qrupunun Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçmirdiyi görüşdə müzakirə edilib.
İclasda tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” (www.e-tikinti.gov.az) elektron müraciət sisteminin üstünlükləri və bu yeniliklə bağlı məlumatlandırma işinin təşkilinə dair görülən işlər müzakirə edilib.
İclasda tikinti icraatı prosesində iştirak edən bütün qurumların nümayəndələri iştirak edib.
İclasda əvvəlcə tikinti və istismara icazə prosesi üzrə müraciətləri ilə bağlı statistik təhlillər açıqlanıb.
Müzakirələr zamanı isə şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirilib.
Eyni zamanda görüşdə tikintiyə və istismara icazələrin verilməsi və tikintidə keyfiyyətə nəzarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Bundan əlavə, iclasda “Bir Pəncərə” e-sistemindəki çatışmazlıqların aradan qaldırılması, sistemin tətbiqinin genişləndirilməsi üzrə zəruri tədbirlərin görülməsi müzakirə edilib.
Burada bildirilib ki, “Bir Pəncərə” e-sistemi «Tikintilərin Dövlət Reyestri» sistemi ilə inteqrasiya edilməlidir.
Toplantıda müzakirə olunan digər mühüm məsələ icazə və məlumatlandırma icraatı üzrə verilmiş yekun sənədlər əsasında tikinti obyekti üçün çıxarışların əldə edilməsinin sadələşdirilməsi olub.
Bu məqsədlə yekun sənədlərin daşınmaz əmlakın dövlət reyestrini aparan quruma göndərilməsi məqsədilə həmin qurumun “Bir Pəncərə” e-sisteminə qoşulması və inteqrasiyasının təmin edilməsi istiqamətində təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.