Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə Naftalan şəhərində 200-220 nəfərlik yeni sanatoriya tikilir.
FED.az-a verilən məlumata görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində müalicə olunan vətəndaşlarla görüşündə deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb: "Dövlət Proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. Bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır".
Sanatoriyaların əksəriyyətinin 1988-ci ildən başlayaraq yararsız vəziyyətə düşdüyünü deyən S.Möhbalıyev vurğulayıb ki, onların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşıb: "Əksər sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işi aparılıb, bəziləri isə tamamilə yenilənib. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədə müasir tibbi avadanlıqlarla, idman qurğuları ilə, istirahət guşələri ilə tam təchiz edilib".
Müalicə sanatoriyalarındakı və istirahət mərkəzlərindəki qiymətlərə gəlincə isə AHİK sədri bildirib ki, orta qiymət 600 manatdır. Qiymət artımı edilməməsinin səbəbini S.Möhbalıyev istirahət edənlərin sayında azalma riskinin ola biləcəyi ilə izah edib. O, həmçinin 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara AHİK tərəfindən yardım göstərildiyini deyib.