Tikintinin həm layihələndirilməsi, həm dövlət qeydiyyatına alınması, həm də kodun təqdim edilməsi indi çox asanlaşdırılıb.
FED.az xəbər verir ki, bunun nəticəsidir ki, Azərbaycan Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında səkkiz pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.
Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşdirilib.
Qeyd edək ki, hazırda ölkədə tikinti prosedurlarının sayı 21-dən 10-dək endirilib. Belə ki, tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb.
Ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin, bu istiqamət üzrə texniki şərtləri “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsilə “ASAN Kommunal/Xidmət” mərkəzlərindən əldə etmək imkanı yaradılıb. Dəyişiklikləri bir qədər də xırdalayaq...
Tikintiyə icazəni necə almaq olar?
Bildirdiyimiz kimi, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi cəmi 10 prosedurla həyata keçirilir.
İlk proses sifarişçinin sorğusu ilə başlayır. Yəni tikinti niyyəti olan fiziki və ya hüquqi şəxs (bundan sonra sifarişçi) ona məxsus olan torpaq sahəsi üzərində inşa edəcəyi tikinti obyektinin icazə verilən parametrləri barəsində məlumatları öyrənmək məqsədilə obyektin təyinatını göstərməklə, sorğu ilə tikintiyə icazə verən orqana müraciət edir. Qarşı tərəf isə bu müraciəti 10 gün müddətində cavablandırılmalıdır.
Eləcə də bax: Tikintiyə icazə verilməsində yeni sistem - "BİR PƏNCƏRƏ"
İkinci prosedur Geoloji Mərkəzin rəyidir. Sifarişçinin tapşırığı əsasında müvafiq lisenziyası olan fiziki və ya hüquqi şəxslər tərəfindən torpaq sahəsinin geoloji şəraitinin öyrənilməsi, tikinti obyektinin layihələndirilməsi üçün zəruri olan ilkin məlumatları əldə etmək məqsədilə mühəndis-axtarış işləri aparılır. Həmin işlərin nəticələrinə dair 10 gün ərzində müvafiq rəy verilir.
Üçüncü prosedur tikintinin layihəsidir. Sifarişçinin layihə tapşırığı əsasında müvafiq lisenziyası olan fiziki və hüquqi şəxslər tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aşağıdakı tərkibdə tikinti layihəsi hazırlanır:
Mühəndis-axtarış işləri;
Tikinti ərazisinin baş planı;
Memarlıq-planlaşdırma və konstruksiya bölməsi;
Mühəndis-kommunikasiya təminatı bölməsi;
Texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda);
Ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda);
Tikinti işlərinin təşkili bölməsi.
Dördüncü prosedur tikintiyə icazənin verilməsi üzrə icraatdır. Sifarişçi ərizə ilə tikintiyə icazə verən orqana müraciət edir. Hansı ki, həmin ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
Tikinti layihəsi;
Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti təqdim edilir.
Beşinci prosedur tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsidir.
Tikinti işlərinin başlanılması mərhələsində sifarişçi aşağıdakıları təmin edir:
Tikinti ərazisində görülən hissəsində məlumat lövhəsinin və xüsusi nişanın yerləşdirilməsini;
Tikinti meydançasının daxilində və xaricində təhlükəsizlik tədbirlərini yerinə yetirilməsini.
Altıncı prosedur tikintiyə dövlət tərəfidən nəzarətin həyata keçirilməsidir. Qeyd edək ki, tikintiyə dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi həyata keçirir. Bu qurum tərəfindən aşağıdakılar təmin edilir:
Tikintidə sifarişçi tərəfindən texniki, layihəçi tərəfindən müəllif və podratçı tərəfindən daxili əməliyyat nəzarətləri aparılır;
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını əks etdirən istismara hazırlıq aktı tərtib edilir.
Yeddinci prosedur tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətdir. Bu zaman “ASAN xidmət” tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinq və nəzarət fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir.
Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılır.
Səkkizinci prosedur tikilinin istismarına icazənin alınmasıdır. Sifarişçi inşası başa çatmış tikinti obyektinin istismarına icazənin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli, 309 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan tikinti sənədlərini əlavə etməklə, tikintiyə icazə verən orqana müraciət edir. Həmin müraciətə 20 gün müddətində baxılır.
Nəhayət, sonuncu - doqquzuncu prosedur daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasıdır. Bunun üçün tikinti obyektinin istismarına icazə aldıqdan sonra, sifarişçi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.
Qeydiyyat orqanı ərizə daxil olduğu gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və sifarişçiyə dövlət reyestrindən çıxarış verir.
Tikinti obyektinin tikintisinə və istismarına icazə verilmə müdddətləri
Bildirdiyimiz kimi, tikinti obyektinə icazələrin verilməsi müddəti azaldılıb. Belə ki, tikintiyə icazənin verilməsi 30 günə endirilib. İstismara qəbul müddəti 30 gündən 20 günə qədər azaldılıb. Texniki şərtlərinin (dörd texniki şərt) “Bir Pəncərə” prinsipi ilə, sadəcə, bir sorğu əsasında verilməsi “ASAN Xidmət” mərkəzlərinə həvalə olunub.
Ümumilikdə, tikinti obyektinin tikintisinə icazələrin verilməsi üç mərhələdə aparılır. İlk mərhələdə tikinti obyektinin layihələndirilməsi həyata keçirilir. Bu zaman Bakı Şəhər İcra Hakimiyyəti “Bir Pəncərə” vasitəsilə 10 gün ərzində ilkin məlumatları əldə edir.
Bundan sonra lisenziyalı şirkətlər vasitəsilə mühəndis-axtarış işləri həyata keçirilir və FHN tərəfindən 10 gün müddətinə rəy verilir. Həmçinin layihəçi və ya müvafiq lisenziyalı şirkət tərəfindən topoqrafik tədqiqatlar aparılır.
Eləcə də bax: Fərdi ev tikmək üçün icazə lazımdırmı? – VERİLİŞ, FAYDALI MƏSLƏHƏTLƏR
İkinci mərhələdə Bakı Şəhər İcra Hakimiyyəti sənədlərin təqdim olunması və yoxlanılmasından sonra icazənin verilməsini həyata keçirir. Bu zaman üç gün müddətində sifarişçi mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsini, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini təqdim edir.
Ekspertiza təqdim olunmadıqda, Fövqəladə Hallar Nazirliyi (FHN) beş gün, tələb olunduqda 15 gün ərzində öz rəyini bildirir. Texniki şərtlər isə Vahid Pəncərə prinsipi ilə “ASAN Kommunal/Xidmət” vasitəsi ilə əldə edilir.
Belə ki, aidiyyəti qurumlardan rəy alınması ehtiyacı aradan qaldırılıb. “ASAN xidmət” 10 gün ərzində texniki şərtləri sifarişçiyə verir.
Sonuncu - üçüncü mərhələdə istismara hazırlıq aktı, sınaq aktları, tikinti layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur, tikili “Tikintilərin Dövlət Reyestri”nə daxili edilir. Nəticədə istifadə kodu verilir, tikili “Daşınmaz Əmlakın Dövlət Reyestri”nə daxil edilərək çıxarış əldə olunur.
Nəzərə çatdıraq ki, İstismara Hazırlıq Aktı, Sınaq Aktları, Tikinti Layihəsinə müvafiq icra hakimiyyəti orqanı 20 gün ərzində rəy verir. Tikilinin “Tikintilərin Dövlət Reyestri”nə daxil olunduğu zaman üç gün ərzində istifadə kodu təqdim edilir. Tikiliyə “Daşınmaz Əmlakın Dövlət Reyestri”dən çıxarış 10 gün ərzində verilir.