«Tikinti avadanlıqlarının qiymətinin gələn ilin mart ayında qalxacağını proqnozlaşdırırıq. Bunu indidən də görmək olar».
Bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «Vecon Consulting» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.
Bakıda ən bahalı – 10 BİZNES MƏRKƏZİ – SİYAHI
Ekspertin sözlərinə görə, Qarabağda tikintilərin aparılması üçün yaranmış tələbat faktoru tamamilə ödəniləcək:
«Hazırda müxtəlif ağır və digər texnikaların (betontökmə qurğularının) icarə qiymətlərində təqribən 25-35 % civarında qiymət artımının şahidi oluruq. Qiymətlərin bir qədər də artacağını gözləyirik, ciddi ciddi qiymət artımının olacağını bizim çalışdığımız avadanlıqların satışı və icarəsi ilə məşğul olan qurumlar da bildirirlər».
«Vecon Consulting»in rəhbəri bildirir ki, texnikanın icarə haqqının və qiymətinin yüksəlməsi ölkədə tikinti işlərinin artması ilə bağlıdır: «Hazırda bərpasını gözlədiyimiz ərazilər çoxdur. Bu ərazilərdə tikinti işlərinin aparılması üçün Azərbaycanda olan tikinti texnikasının sayı kifayət qədər deyil».
Texnikaya artan tələbatı qarşılamaq üçün Azərbaycan şirkətləri xaricdə bir çox istehsalçı təşkilarlar və müəssisələrlə müqavilələr bağlayırlar. Bunun nəticəsində də 2022-ci ilin əvvəllərində tikinti üçün zəruri olan texnikanın ölkəyə gətiriləcək. Bu olarsa, təbii ki, həmin texnikalar Qarabağ ərazisində yerləşən tikinti işlərinə yönəldiləcək. Hesab edirik ki, bu, tikinti və tikinti sektoru ilə əlaqəsi olan digər sahələrin (tikinti avadanlıqlarının satışı və icarəsi ilə məşğul olan sahə də daxil olmaqla) fəaliyyətində canlanma yaradacaq".
Vüqar Orucun fikrincə, bahalaşma 2022-ci ilin aprelinə kimi davam edəcək, amma yeni texnikaların alınması və ölkəyə gətirilməsi ilə qiymətlər sabitləşəcək: «Əgər bazarda tikinti avadanlığına tələbatı milli şirkətlər ödəyərsə, nəticədə qiymətlər əvvəlcə stabil qalacaq, sonra tikinti proseslərində qiymətlərdə enmələri də görə biləcəyik».