Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Vergi Məcəlləsinə dəyişikliklər - TƏSDİQLƏNDİ - FƏRMAN - TAM MƏTN
FED.az xəbər verir ki, məcəlləyə budəfəki dəyişikliulərin ən çox təsir sahələrdən biri tikinti sektoru olacaq. Belə ki, indiyədək tikinti şirkətləri vergi rejimini iki variantdan biri olmaqla özləri seçə bilərdilər. Bunlar sadələşdirilmiş vergi və mənfəət-gəlir vergisi rejimləri idi.
Məcəlləyə dəyişiklikdən sonra isə sədələşdirilmiş vergi variantı ləğv edilir və tikinti şirkətləri yalnız mənfəət-gəlir vergisi formasında (yəni xərcoəri və gəlirləri nəzərə alınmaqla) vergiyə cəlb olunacaqlar.
Paralel olaraq məcəlləyə edilən digər yeniliyə görə isə, tikinti şirkətlərinin tikilən binaların dövlətə ayrılan hissəsi vergidən azad ediləcək.
Dövlət başçısının fərmanına görə, Nazirlər Kabineti üç ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bundan başqa, hökumət fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi isə bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bir bina üzrə verilməli məlumatın formasını 3 ay müddətində hazırlayıb təqdim etməlidir.