Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları"nı təsdiqləyib.
Ticarət-əyləncə komplekslərində terror aktları ilə mübarizəyə dair layihə həlləri müəyyənləşib
FED.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, bu normalar hündürlüyü 50 m-ə qədər, yeraltı hissəsinin dərinliyi yer səviyyəsindən 15 m-ə qədər olan yeni, yenidən qurulan və əsaslı təmir olunan ticarət-əyləncə komplekslərinin layihələndirilməsinə şamil olunacaq.
Ticarət-əyləncə kompleksinin ərazisində müvafiq olaraq aşağıdakılar yerləşdirilməlidir:
- ziyarətçilərin (alıcıların) və ticarət-əyləncə kompleksinin əməkdaşlarının minik avtomobillərinin dayanması və saxlanması üçün yerlər (açıq meydançalarda, bina və kompleks daxilində, o cümlədən yeraltı səviyyələrdə, binaya bitişik və ya ayrıca binada avtomobil dayanacaqlarında);
- ticarət-əyləncə kompleksinin binasına xidmət edən yük avtomobilləri üçün (daxili və daxili-bitişik yerləşgələrdə, o cümlədən yeraltı səviyyələrdə) dayanacaq yerləri.
Ticarət-əyləncə kompleksi ərazisində bərk məişət tullantılarının müvəqqəti saxlanılması və daşınması üçün konteyner meydançalarının yaşayış binalarının pəncərələrindən, məktəbəqədər və ümumtəhsil, stasionar tipli tibb müəssisələrinin ərazilərinin sərhədlərindən ən azı 20 m aralıda yerləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, layihə tapşırığına əsasən eyni vaxtda 50-dən çox insanın bir məkanda olması ehtimal olunan ticarət-əyləncə komplekslərinin layihə həllərində antiterror təhlükəsizliyi təmin edən tələblər nəzərdə tutulmalıdır.
Obyektin antiterror mühafizəsinin təmin edilməsinə dair tədbirlərin tərkibinə - təşkilatçılıq və rejim xarakterli tədbirlər, mühəndis-texniki xarakterli tədbirlər, tikinti dövründə obyektin mühafizəsi üzrə layihə həllərinin və tədbirlərin əsaslandırılması daxil olmalıdır.
Ticarət-əyləncə komplekslərinin ərazisində terror aktı ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq və onun ərazisində olan insanların mühafizəsini gücləndirmək məqəsədilə texniki aşkarlama vasitələri ilə yanaşı, kompleksin ərazisinə girişlərdə postlar aşağıdakı cihaz və avadanlıqlarla təchiz edilməlidir:
- radiomüdaxilə yayımını təmin edən cihazlarla;
- dozimetrlər-radiometrlərlə;
- partlayışdan mühafizə vasitələri ilə;
- əl üçün və yerlə sürülə bilən yoxlama güzgüləri ilə.
Nazirliyin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.