Rusiya Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Tikinti bazarında əsas mallardan biri hesab edilən taxtanın qiyməti bahalaşıb. Taxta satışı ilə məşğul olan sahibkarlar da qiymət artımını təsdiqləyir. Belə ki, müharibədən əvvəl taxtanın kubu 450 manat idi. Hazırda isə 30 manat artaraq 480 manat olub:
Eləcə də bax: Ekspert: «Rusiyadakı vəziyyət Bakıda mənzillərin satışına da təsir edəcək»
"Müharibə davam etdiyinə görə taxta bazarına material əvvəlkindən az gəlir. Gələn vaqonlara doldurulmuş taxtalar da əsasən müharibədən əvvəl yüklənmiş materiallardır", - deyə sahibkarlar bildirirlər.
FED.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikinti materiallarının qiymətinin artmasının əsas səbəbi rublun dəyər itirməsinə görədir.
"Rusiyada tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlar rublun məzənnəsinin düşməsinə görə ehtiyatlı davranırlar. Buna görə də ixracı azaldırlar. Belə olduğu təqdirdə ölkəmizin də bundan zərər çəkməsi qaçılmaz olur. İdxalın azalması fonunda tələbin yüksək olması qiymətlərin artmasına səbəb olur. Taxtadan başqa dam örtükləri, döşəmə örtükləri, dəmir və dəmir məmulatları, armaturun qiymətləri də artacaq" - deyə ekspert bildirib. (Trend)