Göygöl rayonunda yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyası satışa çıxarılıb. FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 23-də keçiriləcək özəlləşdirmə hərracında satışa çıxarılan əmlakları açıqlayıb. Onların arasında adı çəkilən sanatoriya da var.
Göygöl şəhəri, Hümmel küçəsində yerləşən və Səhiyyə Nazirliyinin balansında olan Göygöl Kardiorevmatoloji Sanatoriyasının ümumi faydalı sahəsi 1117,9 kv.m, yerləşdiyi torpağın sahəsi 32 sotdan artıqdır.
Eləcə də bax: Azərbaycanda yeni sanatoriya tikilir
Sanatoriyanın ümumi qiyməti 465 min manat ətrafındadır. Bunun 15%-i 69 min 750 manatı güzəştli satışa çıxırılıb, həmin hissəni şirkətin əməkdaşları ala bilər. Amma bunun üçün onlar 25 gün ərzində müraciət etməlidirlər.
Əmlakın özünün ilkin satış qiyməti 395 250 manat, yerləşdiyi torpaq sahəsinin qiyməti isə 35 min manatdır.
Eləcə də bax: Azərbaycanda sanatoriyalara yollayış neçəyədir... - QİYMƏTLƏR
Beləliklə, sanatoriyanın özü və yerləşdiyi torpaq sahəsinin birlikdə ilkin satış qiyməti 430 min manatdır. Bu obyekti almaq istəyənlər 43 min manat beh ödəməlidirlər.
Qeyd edək ki, hərracda qalib gəlməyənlərin behi qaytarılır.
«Sanatoriya öz sahiblərinə xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biridir. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər», - deyə Komitənin açıqlamasında bildirilir.