Martın 28-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşü baş tutub.
FED.az xəbər verir ki, qonağı təyinat münasibətilə təbrik edən komitə sədri müxtəlif sahələrdə BMTİP ilə əməkdaşlıq imkanlarına toxunub. BMTİP Nümayəndəliyinin rəhbəri Komitə sədrinə minnətdarlığını bildirərək, öz növbəsində iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
Daha sonra tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırımasına dair növbəti addımlar barədə ətraflı müzakirələr aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarı ilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.