Azərbaycanda müxtəyif təyinatlı obyektlərin tikintisinə icazə və onların istismarına icazələrdə asanlaşma gözlənilir.
FED.az xəbər verir ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər belə deməyə əsas verir.
Yol Xəritəsinin «Tikinti sahəsində qaydaların və ətraf mühitlə bağlı icazələrə dair tənzimləyici norma və qanunvericiliyin təkmilləşdirilməsi» bölməsində tikinti sahəsində gözlənilən tədbirlər əksini tapıb.
Bəzi tədbirlərdə hökumətin tikinti prosesini asanlaşdırması niyyəti hiss olunur.
Məsələn, Yol Xəritəsinə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə dair siyahının tərkibinin genişləndirilməsi ilə bağlı araşdırmanın aparılması və müvafiq təkliflərin hazırlanaraq aidiyyəti üzrə Komissiyaya təqdim edilməsi nəzərdə tutulur. Başqa sözlə, dəyişikliklərdən sonra bəzi obyektlər üçün tikinti layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Digər maraqlı dəyişiklik «Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları»nın nəzərdən keçirilməsi və ehtiyac olduğu təqdirdə bu Qaydaların təkmilləşdirilməsi olacaq. Dəyişiklik nəticəsində tikniti layihələrinin ekspertiza xərclərinin hesablanma qaydası ilə bağlı yeni təkliflər hazırlanaraq təqdim olunacaq.
Özü də bütün bunlar tezliklə baş verməlidir – Yol Xəritəsinə əsasən bu tədbirlərin həyata keçirilməsi üçün oktyabrın 1-ə və dekabrın 20-dək vaxt verilib.