Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 18-də keçiriləcək özəlləşdirmə hərracına çıxarılan əmlakları açıqlayıb.
FED.az xəbər verir ki, iştirak etmək istəyən şəxslər üçün budəfəki hərracda 98 dövlət əmlakı üzrə seçim fürsəti yaradılıb. Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m-dir. Ucar şəhəri, H.Sultanov küçəsindəki dövlət müəssisəsinin ümumi faydalı sahəsi 189.4 kv.m-dir. Tikiş fabrikinin filialı olan əmlak 5 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Sərmayəçi tərəfindən investisiyanın yatırılması və yenidən qurulması bu dövlət əmlakını yüngül sənaye sahəsində gəlirli obyektə çevirə bilər.
Eləcə də bax: Sənədsiz evlərə “kupça” necə veriləcək? - "ƏMLAK AMNİSTİYASI"
Budəfəki hərraca səhmdar cəmiyyətlərinin səhmlərinin 30% ilə 45% arasında olan səhm paketləri də çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.
Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir. Xırdalan şəhəri, 27-ci məhəllədəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 53.2 kv.m-dir. Xidmət və ofis obyekti kimi istifadə uyğun olan dövlət əmlakı üçün təyin olunan ilkin qiymət 14 min manatdır.
Hərracda avtomobil sahibi olmaq istəyənlər üçün də geniş seçim imkanları var. Belə ki, buraxılış tarixləri 1995-2007 aralığında olan nəqliyyat vasitələri arasında Nissan, Hyundai, Ford, Daewoo və digər markalardan olan avtomobillər var. Bu növ dövlət əmlakları üçün təyin olunan ilkin qiymət 1000 manat ilə 6 min manat arasındadır.
Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq olduqca sadədir. Bunun üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Seçim, qeydiyyat və sifariş prosedurlarını yerinə yetirən şəxs canlı və ya onlayn formada hərracda iştirak statusu qazanır.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.