Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb.
Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.
FED.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik olunur.
Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilir.
Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.