"Azərbaycanda evlərin qiyməti bahadır və bu obyektiv deyil". Bunu iqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində bildirib. Ekspert hesab edir ki, hazırkı qiymətlər əslində şişirdilmiş qiymətlərdir: "Sadəcə, Azərbaycanda 10-12 il ərzində neft gəlirləri çoxaldı və buna görə pul çoxaldığı üçün evlərin, torpaqların qiyməti qaldırıldı. Əslində evlərin, torpağın qiyməti çoxdan düşməliydi. Sadəcə, çox adam ona məxsus olan əmlakı bu dəqiqə satmır. Baxırsan, deyir ki, bu qədər borcum var. Mənim yanıma çox sayda belə adamlar gəlib. Tutaq ki, deyir - banka 500 min manat borcum var. Amma 1 milyonluq əmlakı, obyekti var. Məsləhət görürəm ki, obyekti və ya əmlakı sat, borcundan çıx... Deyir - axı indi 2 milyon manata onu heç kim almır, heç 1 milyon manat da verən yoxdu. Ona izah edirəm ki, bu o deməkdir qiymətlər düşüb.Sadəcə, bir növ insanlarda psixoloji problem var. Həmin şəxsdən soruşuram ki, 90-cı illərin sonu, 2000-ci ilin əvvələrində həmin evin, yaxud obyektin qiyməti neçəyə idi? Deyir, uzağı 200-300 min, deyirəm axı niyə o zaman sən o illərdəki qiymətləri ədalətli hesab edirsən, amma 4-5 il əvvəlki qiyməti ədalətsiz sayırsan. Bu adamın əmlakı vaxtilə çox aşağı olub, indi şişib-şişib qalxıb.İndi qiymət düşüb heç 1 milyon manat da verən yoxdu.Tutaq ki, həmin əmlaka 700 min manat verirlər, amma şəxs satmır. Borcun içində üzür, əmlakı satmır ki, əmlakın əsl qiyməti bahadır, niyə ucuz satım ki...Eynilə ev tikənlər də bundan zamanında istifadə etdilər. Bilirik ki, əslində onları rəsmi və qeyri-rəsmi xərcləri var. Məmurlar da onları soyur.Bu səbəbdən də qiymət bir qədər artır.Amma əsas səbəb bu deyil.Əsas odur ki, o tikinti şirkətləri acgözlük edib qiymətləri aşağı salmaq istəmirlər.Əslində qiymətlər obyektiv olsaydı, çoxdan düşərdi.Hamı bilməlidir ki, bu vəziyyət çox davam etməyəcək”.
2-3 ilə qiymətlər kəskin düşəcək...
Ekspertin sözlərinə görə, uzağı üç ilə Azərbaycanda bütün evlərin, əmlakların, obyektlərin, hətta torpağın qiyməti kəskin şəkildə düşəcək:“Sadə bir misal çəkək: 90-cı illərin sonunda Azərbaycanda bu qədər ev yox idi. Amma qiymətlər çox ucuz idi.İqtisad elmi deyir ki, hansısa maldan, əmtəədən azdırsa, qiyməti baha olmalıdı. Son 20 ilərzində Azərbaycanda bu qədər bina tikilir, amma evlərin qiyməti düşmür.
Əslində isə qiymətlər çoxdan düşməliydi. Sizə deyim ki, ev tikən şirkətlərin sahiblərinin özlərinin də borcları var. Hətta bu borclar həddindən çoxdur. Onlara pul lazımdır.Sağlam məntiqlə onlar çoxdan tikdikləri mənzilləri ucuz təklif etməliydilər.Yəni satılıb getsin və pul əldə etsinlər. Amma bunlarda qəribə bir əminlik var. Hesab edirlər ki, Bakının mərkəzində ev tikirsə, qiymətlər baha olmalıdır. Anlamırlar ki, o qiymətlər artıq getdi... Bunlar da vəziyyəti süni şəkildə beləcə saxlayıblar.İnsanların da psixologiyasında qalıb ki, tutaq ki, 1 kvadratmetr -5-10 min manatdır.Əvvəllər belə idi.İndi həmin qiymət 4 minə və ya 3, 5 min manata gəlib çıxıb.Anlamırlar ki, əslində onun qiyməti, yəni 1 kvadratmetri 1000 manatdır.Bir sözlə, ev bazarında qiymətlər süni şəkildə şişirdilərək eyni vəziyyətdə saxlanılır”.