2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ölkə vətəndaşlarına kirayə üsulu ilə 867 mənzil satılıb. Bu 2020-ci illə müqayisədə 2 dəfədən çoxdur.
Eləcə də bax: Azərbaycanda satmaq öhdəliyi ilə kirayə şərtləri - Sadələşdirilib
Fonddan FED.az-a bildirilib ki, ümumilikdə bu günə kimi kirayə üsulu ilə 1280 mənzil satılıb.
Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.
Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadəni daha da asanlaşdırmaq üçün bu il kirayə prosesi daha da sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.
Qeyd edək ki, hazırda Fond tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 7 fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif olunur. Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Vətəndaşların tələbi və istəkləri nəzərə alınmaqla Fond mütəmadi olaraq kirayə mənzillərin siyahısını genişləndirir.
Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda - 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.